“ASK Şüşə” tara zavodunun və “ASK İzolit” elektroizolyasiya materiallarının istehsal müəssisəsinin özəlləşdirilmə perspektivləri müzakirə olunub. Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilib.
Bu sahə və bölmələrin özəlləşdirilməsinin qiymətləndirilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq İşçi qrupunun üzvləri tərəfindən qeyd olunan müəssisələrlə bağlı təkliflər hazırlanacaq.
Xatırladaq ki, İşçi qrupu özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə yaradılıb.
Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.