17 C
Baku
Friday, October 18, 2024

“eBay” Türkiyədən gedir

ABŞ-ın e-ticarət nəhəngi “eBay” Türkiyədəki törəmə şirkəti “Gittigidiyor”u bağlayacağını açıqlayıb. Banker.az xəbər verir ki, “eBay”in yazılı açıqlamasında şirkətin 2011-ci ildə “GittiGidiyor”un böyük hissəsini aldığı və şirkətin müstəqil platforma kimi fəaliyyət göstərdiyi xatırladılıb. Bu çətin, lakin strateji qərarın bazardakı rəqabət dinamikasına görə verildiyi bildirilib.

“eBay platformadan çıxmaq üçün “GittiGidiyor”da alıcılar və satıcılarla yaxından işləyəcək. Bu gündən etibarən satıcılar yeni məhsulları siyahıya sala bilməyəcək və iyulun 18-dən etibarən alıcılar yeni alışlar edə bilməyəcəklər. Alıcılar və satıcılar sentyabrın 5-dək onların hesablarına daxil ola biləcəklər” – deyə açıqlamada bildirilir.

“GittiGidiyor”un bağlanmasının “eBay”in ikinci rübünə və 2022-ci ilin nəticələrinə təsir edəcəyi gözlənilmir. Açıqlamada Türkiyədəki işçilərlə bağlı heç bir məlumat verilməyib. Qeyd edək ki, “eBay” 2016-cı ildə “GittiGidiyor” səhmlərinin hamısını alıb. “GittiGidiyor”dan verilən məlumata görə, platformada 20 min satıcı və 35 mln. qeydiyyatdan keçmiş istifadəçi var.

“eBay”dən sonra “GittiGidiyor” da sosial media hesabından fəaliyyətini dayandıracağını açıqlayıb. Açıqlamada müştəri xidmətlərinin 30 sentyabr tarixinə qədər istifadəçilərə xidmət göstərəcəyi bildirilib.

“eBay” bu qərarı bazardakı rəqabət dinamikasına görə verdiyini bildirsə də, bu dinamikanın tam olaraq nədən ibarət olduğunu təfərrüatlı açıqlamayıb. Lakin Rəqabət Qurumunun 14 aprel 2022-ci il tarixində dərc etdiyi “E-Bazar Platformaları Sektoru İcmalı Yekun Hesabatı”nda Türkiyədə son illərdə dəyişən rəqabət mühitindən bəhs edilmişdi. Hesabatda belə bir qiymətləndirmə var idi: “Üçüncü tərəf satıcılar tərəfindən həyata keçirilən əməliyyat həcmləri araşdırılarkən 2019-cu ilə qədər N11 liderliyində “Hepsiburada” və “GittiGidiyor” tərəfindən izlənilən üç oyunçulu bir bazar quruluşu müşahidə olunur. 2020-ci ilə gəldikdə isə bazara 2018-ci ildə daxil olan “Trendyol”un açıq şəkildə lider olduğu bazar strukturuna keçid nəzərə çarpır”.

Hesabatda e-ticarət bazar payları ticarət sirri olduğuna görə paylaşılmayıb. Müstəqil araşdırmalar göstərir ki, “GittiGidiyor”un bazar payı təxminən 5%-dir.

Məlumat üçün bildirək ki, 1995-ci ildə qurulan ABŞ mərkəzli “eBay” hazırda 190 bazarda 142 mln. aktiv alıcıya satış həyata keçirir. Platformada orta hesabla 1.6 mlrd. məhsul var. Səhmləri “Nasdaq”da satılan “eBay”in bazar dəyəri cümə gününün bağlanışına $23.6 mlrd. təşkil edir. Şirkətin dünya üzrə 10 800 işçisi var.

 

 

Son xəbərlər
Digər xəbərlər