Sosial sığorta ödəmələri ilə bağlı müraciətin nəticəsini onlayn rejimdə görmək mümkün olacaq.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Belə ki, Fondun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
- hamiləliyə və doğuma görə,
- uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
- uşağın anadan olmasına görə,
- dəfn xərci kimi nəzərdə tutulan müavinət
ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək olacaq.
Bunun üçün:
- e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olmaq;
- Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçmək lazımdır.
Bu zaman müraciətin nəticəsi olaraq məlumat – müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatlar görünəcək.