10 C
Baku
Saturday, November 23, 2024

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

– 38.1-ci maddəyə “pozulmasına” sözündən əvvəl “, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının” sözləri əlavə edilsin.

– 43.1-ci maddəyə “602-2,” rəqəmlərindən sonra “602-3,” rəqəmləri əlavə edilsin.

– 102.1-ci maddəyə “351-1-ci,” sözlərindən sonra “371-1-ci,” sözləri əlavə edilsin və həmin maddədə “və 602.2-ci” sözləri “, 602.2-ci və 602-3-cü” sözləri ilə əvəz edilsin.

– Aşağıdakı məzmunda 371-1-ci maddə əlavə edilsin:

“Maddə 371-1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulması

371-1.1. Kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə –

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

371-1.2. Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

371-1.3. Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Şəxs bu Məcəllənin 371-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.

– Aşağıdakı məzmunda 602-3-cü maddə əlavə edilir:

“Maddə 602-3. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsi

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.

***

Dövlət başçısı, həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 540-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 540-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

– Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 28-ci hissəsində “377 və 378-ci” sözləri “371-1, 377, 378 və 602-3-cü” sözləri ilə əvəz edilir.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 540-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll edəcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər