13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana 60 milyon avro həcmində sərmayə yatırılacaq

“Sabah Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir”.

Bu barədə iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

Avropa İttifaqının (Aİ) Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarı olduğunu vurğulayan xanım Fon der Lyayen qeyd edib ki, sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir:

“Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir”.

Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verildiyini qeyd edən Y.Fon der Lyayen deyib:

“Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir”.

Son xəbərlər
Digər xəbərlər