Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası 36 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edib.
Banker.az bu barədə qurumun yarım illik hesabatına istinadən xəbər verir.
Məlumata görə, bunlardan 2-si “Dövlət sirri haqqında” qanunun tələblərinə uyğun olaraq aparılıb.
Nəzarət obyektlərinin 9-da ilk dəfə auditin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 5 auditdə isə əhatə olunan layihələr və proqramlar əvvəlki auditlərlə əhatə olunmayıb. Kənar dövlət maliyyə nəzarəti obyektləri arasında 10 mərkəzi icra hakimiyyəti orqanı, 1 digər dövlət orqanı, 9 publik hüquqi şəxs, 3 dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 2 fond (o cümlədən 1 büdcədənkənar dövlət fondu), 5 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat, 5 təhsil və elm müəssisəsi və 1 digər təşkilati-hüquqi formaya malik qurum olmuşdur. Ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın “Təhsil” və “Ətraf mühitin mühafizəsi” bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb. Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib.
2022-ci ilin ilk 6 ayında 3 səmərəlilik auditinin keçirilməsi ilə bağlı Kollegiya Qərarı qəbul edilib. Səmərəlilik auditləri Yuxarı Qarabağ kanalının suyundan istifadə edilən rayonlarda kənd təsərrüfatının yerüstü su ilə təminatının yaxşılaşdırılması üzrə fəaliyyətin, böyrəklərin xroniki xəstəliyi sahəsində fəaliyyətin və bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Həyata keçirilən bir sıra auditlərdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən də istifadə edilməkdədir.
2022-ci ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı Kollegiya qərar qəbul edib, ilk 6 ayda 2-si başa çatdırılıb. Digər tədbirin III rübün sonunda başlanılması nəzərdə tutulur. Hesabat dövründə 12 nəzarət tədbirinin, o cümlədən 9 auditin (8-i uyğunluq və 1-i maliyyə auditi olmaqla) və 3 monitorinqin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib. Auditlər üzrə nəticələrin formalaşdırılması məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar) müəyyən edilmiş audit meyarları ilə müqayisə olunub, keçirilmiş auditlər zamanı aşkarlanmış nöqsanlar (təhriflər) və onların yayılma dərəcəsindən asılı olaraq, verilmiş rəylər müxtəlif istiqamətləri əhatə edib. Maliyyə auditi üzrə 1 müsbət rəy verilib, uyğunluq auditləri üzrə 4 halda kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olduğu müəyyən edilib.
Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. Bəzi müsbət dəyişikliklərin olması fonunda aşkar edilmiş nöqsanlar arasında əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması üzrə halların payı yüksək olub.