Azərbaycanda sement istehsalçısı “Holcim Azərbaycan” ASC ötən il sementin bahalaşması nəticəsində gəlirlərini xeyli böyüdüb, satışın maya dəyəri isə öncəki ilə baxanda o qədər də çox olmayıb.
Banker.az onun maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Holcim Azərbaycan” 2021-ci ildə illik müqayisədə 14.2% artaraq 115 mln. manatlıq sement satışından gəlir əldə etdiyi halda, satışların maya dəyəri cəmi 4.2% artaraq 61.6 mln. manat olub.
Maya dəyəri nədir?
Məhsul istehsalına sərf edilən bütün məsrəflərin yekunu onun maya dəyərini təşkil edir. İstehsalın faydalılıq əmsalını müəyyən edən göstərici olaraq maya dəyəri göstəricisi ilə müəssisədə məhsul istehsalı və satışına çəkilmiş məsrəflər müəyyənləşdirilir. Yəni məhsul maya dəyəri onun istehsalı və satışına sərf olunan məsrəflərin cəmini təşkil edir.
Ötən il Azərbaycanda sementin qiymətləri kəskin bahalaşdı. Rəsmi statistikaya görə, bir kisə 50 kiloqramlıq sementin qiyməti 2021-ci ilin əvvəlində 7.45 manat olduğu halda ilin sonuna 8.44 manata qalxmışdı. Bu da illik 13.3% bahalaşmadır.
“Holcim Azərbaycan”nın 2020-ci ildə gəlirləri ilə maya dəyəri xərcinin nisbəti 170% olduğu halda, 2021-ci ildə bu nisbət 187% təşkil edir. Yəni ölkədə tələb artdığı halda, sementin istehsalı deyil daha çox qiymətlər artıb, maya dəyəri daha az artıb.
Sement istehsalçısı 2021-ci ildə bahalaşan sementdən 53.39 milyon manat ümumi mənfəət əldə edib. Bu mənfəət 2020-ci ildə 41.59 milyon manat idi.
Şirkət sementi bahalaşdırmasında məqsəd onun artan çatdırlma xərclərinin qarşılamaq olub. Şirkətin çatdırlma xərlcəri 47% artaraq 22.4 mln. manata qalxıb. Qeyd edək ki, 2021-ci ilin əvvəlində daşınma mühərriklərini hərəkətə gətirən dizelin hər litrinin 60 qəpikdən 80 qəpiyə qədər (yəni 33%) bahalaşmasıdır.
Şirkətin veriyə qədərki mənfəəti 7.33 mln. manat olub, 4.21 mln. manat mənfəət verigisi ödəyib 3.12 milyon manat il üzrə xalis mənfəət əldə edib.