2022-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.
Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib.