“Azərxalça” ASC 2021-ci ildə xalça satışından gəlirinin 2020-ci illə müqayisədə 3.2 dəfə az – 1.607 milyon manat olmasını şərh edib.
Qurumdan bildirilib ki, 2020-ci ildə xalça satışından gəlir 5.154 milyon manat olsa da, bunun 5.085 milyon manatı koronavirus (COVID-19) pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Mədəniyyət Nazirliyinə satılmış xalçaların hesabına formalaşıb.
Yəni, Cəmiyyət öz imkanları hesabına faktiki olaraq 69 min manatlıq xalça satıb. 2021-ci ildə isə bu rəqəm 23.3 dəfə çox olub. Buna isə korporativ idarəetmə sisteminin tətbiq edilməsi, maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarının istifadəsinin səmərəliliyinin artması, geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması, xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi, Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi imkan verib.
Xatırladaq ki, “Azərxalça” ötən ili 3.199 milyon manat zərərlə başa vurub.