ABŞ administrasiyası Avstraliyaya ümumilikdə 1.95 milyard ABŞ dolları dəyərində “Black Hawk UH-60M” helikopterləri və müvafiq avadanlıqlar satmaq barədə qərar qəbul edib.
Bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Avstraliya hakimiyyəti 40 ədəd “UH-60M” çoxməqsədli helikopter, eləcə də müvafiq avadanlıq və hissələrin alınmasını xahiş edib.
Bildirilib ki, təklif olunan satış Avstraliyanın hazırkı çoxməqsədli helikopter parkını daha etibarlı və sübut edilmiş sistemlə əvəz edəcək ki, bu da Avstraliyaya birləşmiş silah əməliyyatları üçün istənilən hazırlıq səviyyəsini saxlamağa imkan verəcək:
“Təklif olunan satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Avstraliya Qərbi Sakit okean regionunda bizim ən mühüm müttəfiqlərimizdən biridir. Müttəfiqimizə güclü və döyüşə hazır özünümüdafiə qüvvəsini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları üçün çox vacibdir”- sənəddə deyilir.