Avqustun 21-də keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.
Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib.
Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub.
İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib .
Apellyasiya Komissiyasının qərarına əsasən, qanunvericilik proqramına aid yuxarıda qeyd olunan iki test tapşırığında yol verilmiş xəta nəzərə alınaraq ekspertizada iştirak edən əməkdaş barəsində intizam xarakterli tədbir görülüb və namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:
– BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib;
– BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib.
Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.