13 C
Baku
Saturday, November 23, 2024

Daşınar və daşınmaz əmlak üzrə maliyyə lizinqi üçün əməliyyatlar hansı halda aparıla bilər?

Maliyyə lizinqi üzrə əməliyyatlar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, maliyyə lizinqinin obyekti əsas vəsaitlər kimi təsnif ediləcək daşınar və daşınmaz əmlak ola bilər. Maliyyə icarəsi müqavilələri üzrə icarəçi qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Vüqar Mirheydərovun sözlərinə görə, lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, həmçinin icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir.

Bundan başqa, icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdırsa, icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdırsa, icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıqdırsa və digər hallarda maliyyə lizinqi üzrə əməliyyatlar aparıla bilər.

V.Mirheydərov qeyd edib ki, maliyyə icarəsi əsasında icarəyə götürülmüş aktiv, icarəyə verənin balansından silinir və icarəçinin balansına götürülür. İcarəyə götürən bu aktivlə bağlı bütün riskləri və mükafatları əldə edir. Yəni bu aktiv üzrə əmlak vergisini icarəyə verən deyil, icarəçi ödəyir və bu aktivin amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi göstərir. Ümumiyyətlə, vergitutma məqsədləri üçün icarəçi maliyyə lizinqi əsasında icarəyə götürülmüş aktivin sahibi kimi, icarə ödənişləri isə kredit ödənişləri kimi qəbul edilir: “Maliyyə icarəsi müqaviləsində kredit ödənişlərinin faiz dərəcəsi göstərilməlidir. Bu dərəcə müəyyən edilmədikdə, habelə maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür”, – deyə mütəxəssis bildirib.

Son xəbərlər
Digər xəbərlər