10 C
Baku
Wednesday, December 11, 2024

Rusiyadan çıxacaq xarici investorlar Azərbaycana üz tuta bilər

Rusiya Mərkəzi Bankı rəsmi olaraq 1 yanvar 2023-cü il tarixindən xarici emitentlərin qiymətli kağızlarını almağı qadağan edir.

Bir sıra Rusiya brokerləri isə bu ilin oktyabrın 1-dən qeyri-dost hesab etdikləri ölkələrin emitentlərinin qiymətli kağızlarını almağı qeyri-peşəkar investorlara tamamilə qadağan etmək qərarına gəliblər.

Rusiya Bankının qərarına görə, 2022-ci ilin oktyabrın 1-dən qeyri-dost ölkələrdən olan emitentlərin qiymətli kağızlarının investorun portfelindəki pay 15 %-dən çox olarsa, brokerlər belə sövdələşməni yerinə yetirməməlidirlər.

Bu qərarı şərh edən Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin Xarici Bazarlar Departamentinin rəhbəri Valeh Qənbərov bildirib ki, Rusiya bunu faktiki olaraq əks sanksiya kimi tətbiq edir:

“Xarici investorlar öz növbəsində artıq bir neçə aydır Rusiya bazarından çıxmağa başlayıblar. Çünki hazırda Rusiyada nəinki xarici investorlar üçün, ümumiyyətlə, yerli investorlar üçün də investisiya mühiti çox aşağı səviyyədədir. Bunu 3 faktorla izah etmək olar. Birincisi, artıq bir neçə aydır ki, Rusiya Ukrayna ilə müharibə aparır və bu münaqişənin nə zaman bitəcəyini təxmin etmək mümkün deyil. İkinci səbəb Rusiya şirkətlərinin sanksiya altında olmasıdır. Üçüncü faktor isə son günlərdə elan olunmuş qismən səfərbərlikdir”.

V.Qənbərov yaranmış vəziyyətin rusiyalı iş adamları üçün müsbət tərəfinin olacağını da istisna etmir:

“Belə ki, şirkətlər öz səhmlərini “buyback” edə bilər. Çünki indi həmin səhmlərin qiyməti çox aşağı düşüb, onları xarici və daxili investorlardan geri almaq asanlaşır. Bundan başqa heç bir üstün tərəfləri görünmür. Hazırda Rusiya investisiya bazarında heç bir perspektiv görünmür. Həmin bazara həm yerli, həm də xarici investorların marağı sıfıra enib”.

Məsələnin azərbaycanlı iş adamlarına və birbaşa ölkəmizə təsir səviyyəsini isə investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli şərh edib:

“Azərbaycan aspektindən yanaşsaq, bu investisiyaların ölkəmizə gəlmək ehtimalı var. Onsuz da xarici şirkətlər və fiziki şəxslər Azərbaycanda həm dövlət qiymətli kağızlara, həm də dollar ifadəsində buraxılan korporativ istiqrazlara investisiya edə bilərlər. Azərbaycanın hər hansı bankları ilə müxbir hesabları çərçivəsində belə investisiyaların cəlb edilməsi mümkündür. Əvvəl belə əməliyyatların həcmi çox olmasa da, hazırda qiymətli kağızlar bazarına xarici investorların cəlbi üçün yaxşı imkan yaradılıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər