“PASHA Holding” MMC-nin “Umico” (Universal Mobil Ağıllı Bələdçi) ekosisteminin kapitalı 43 milyon manatı ötüb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumatda deyilir ki, hüquqi adı ilə “Competo” MMC olan brendin nizamnamə kapitalı 4.8 milyon manat, yaxud 12 faiz artırılaraq 43.27 milyon manata çatdırılıb.
“Competo” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə dörd dəfə artıma gedildi və ümumilikdə 81.1% artırılmışdı.
2022-ci ilin fevralında isə onun kapitalının həcmi 29.7 milyon manatdan 34.17 milyon manata qədər artırlmışdı.
“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC-nin də innovativ layihələri gerçəkləşdirən şirkətdə pay var. “BirKart BOKT”un “Competo” MMC-nin səhmlərinin 25%-i əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.
“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.
2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan “Umico” koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb. “iOS” və “Android” platformalarındakı “Umico” mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.