Əmək pensiyalarının indeksləşdirilməsi qaydasına dəyişiklik olunur.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Qanunun hazırkı maddəsi isə belədir: “Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.
Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: “Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”.
Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.