Avstraliya hökuməti oktyabrın 14-dən COVID-19-a yoluxanların beş gün özünütəcriddə qalması barədə tələbi aradan qaldıracaq.
Bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlama verib. Baş nazir bildirib ki, o, milli səviyyədə daha çox razılığın əldə olunmasına və insanlara gələcəkdə daha çox inamın aşılanmasına, qarışıqlığın isə aradan qaldırılmasına çalışır.
Bununla yanaşı, səhiyyə müəssisələrinin və risk dərəcəsinin daha yüksək olduğu təşkilatların əməkdaşlarının təcrid olunması barədə göstəriş qüvvədə saxlanılacaq.
Qeyd edək ki, Avstraliyada son günlər gündəlik yoluxma sayı təqribən 5 min nəfər olub. Məcburi özünütəcrid bu ölkədə hələ də qüvvədə olan son məhdudiyyətlərdən biridir. Xəstəxanalarda və digər səhiyyə müəssisələrində maskalardan istifadə də məcburidir.
Baş nazir, həmçinin bildirib ki, yüksək risklərin mövcud olduğu iş yerlərinə hökumət tərəfindən maliyyə dəstəyinin göstərilməsi davam etdiriləcək. Güman olunur ki, Avstraliya hökuməti bu addımı atmaqla ölkə iqtisadiyyatını bərpa edərək onu pandemiyaya qədər olan səviyyəyə qaldırmaq istəyir.