“Rabitəbank” 2022-ci ilin 3-cü rübünü 12 milyon 676 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 6 milyon 625 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında “Rabitəbank”ın gəlirləri 84 milyon 125 min manat (əvvəlki ilə nisbətən 39.4% çox), xərcləri isə 68 milyon 617 min manat olub.
KREDİT PORTFELİ BÖYÜYÜB
Bu ilin sentyabrın 1-nə bankın aktivləri 892 milyon 157 min manat olub. Ötən ilin sonunda “Rabitəbank”ın aktivləri 1 milyard 18 milyon manat təşkil edib. Bunun da 597 milyon 466 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 9 ayda bankın kredit portfeli 26% böyüyüb.
KAPİTALI ARTIB
“Rabitəbank”ın 3-cü rübdə öhdəlikləri 15.2% azalaraq 779 milyon 83 min manat, kapitalı isə 14% artaraq 113 milyon 74 min manata çatıb. Bankın depozit portfeli 553 milyon 235 min manat olub ki, bunun 287 milyon 964 min manatı fiziki şəxslərin depozitləri, 265 milyon 271 min manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.