9 C
Baku
Monday, November 18, 2024

Prezidentin yeni ali rütbə verdiyi şəxslər kimdir? – Dosye

Azərbaycan Prezidenti İlham Əliyev general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” və kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali rütbəsinin verilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Həmin şəxslərin dosyelərini təqdim edirik:

Mayis Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

O, uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1993-cü ildə Mayis Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirib.

Baş leytenant Mayis Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq, Lələtəpə yüksəkliyini və onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib.

Mayis Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.

Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mayis Bərxudarov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Sübhan Kamal oğlu Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-1984-cü illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.

1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi – zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi (“N” saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.

2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini – Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli sərəncamına əsasən Sübhan Bəkirov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Prezidentin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən isə Sübhan Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. Eyni il iyunun 25-də İlham Əliyevin sərəncamına əsasən “kontr-admiral” ali hərbi rütbəsi verilib.

İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər