14 C
Baku
Saturday, November 23, 2024

Paytaxtda istismar müddəti başa çatmış binaların sökülməsi mənzil bazarına necə təsir edəcək?

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda istismar müddəti başa çatmış binaların və fərdi yaşayış evlərinin söküləcəyini bildirmişdi.

Bəs, paytaxtda minə yaxın binanın sökülməsi mənzil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, Bakıdakı söküntü prosesinin əmlak bazarına heç bir təsiri olmayacaq:

“Çünki 1000 binanın sökülməsinə illər lazımdır. 1000 tikilinin sökülməsinə, yerində binaların ucaldılmasına 15-20 il lazımdır. Bazara təsir edən əsas amillər miqrasiya, inflyasiya və tikintinin həcmidir. İllərdir ki, Bakıda köhnə tikililərin sökülməsi haqqında danışıqlar aparılır, amma hələ də sökmürlər”.

Ekspert bildirib ki, hazırda vəsaitlərin əsas hissəsi işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə yönəldilir:

“O qədər binanın tikintisini dövlət hesabına aparmaq mümkün deyil. Şəxsi vəsait hesabına və investorlar hesabına söküləcək binaların yerində yenisi inşa oluna bilər. Əvvəlki investorlar bu gün yoxdur. Buna görə də tikintinin ciddi sürəti olmayacaq ki, bazara da əhəmiyyətli təsiri olsun”.

Əmlak eksperti Elnur Fərzəliyev isə hesab edir ki, Bakıda binaların sökülməsi əmlak bazarına müsbət təsir göstərəcək:

“Qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsi şəhərin görünüşünə də müsbət təsir edəcək. Hər yeni bina tikiləndə ölkəmizdə fəaliyyət göstərən tikinti materialları istehsal edən zavodların, fabriklərin gəlirləri artır, yeni iş yerlərinin açılmasına səbəb olur. Həmin binalar tikilib qutardıqdan sonra onların təmirində istifadə olunan materiallar, mebellər, aksesuarlar yenə yerli bazarlardan alınır. Bu da iqtisadi baxımdan müsbət amildir”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər