10 C
Baku
Tuesday, November 26, 2024

Hesablama Palatasının nümayəndə heyəti XXIV INCOSAI tədbirində iştirak edib

Azərbaycan Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) 7-11 noyabr 2022-ci il tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXIV Konqresində iştirak edib.

Bu barədə Palatadan bildirilib. Məlumata görə, konqres öz fəaliyyətinə 9 noyabr tarixində başlayıb, ilk gün İdarə Heyətinin toplantısı keçirilib, INTOSAI Komitələrinin fəaliyyət hesabatları təqdim edilib və keçirilmiş toplantılarda komitələrin gələcək fəaliyyəti müzakirə edilib.

Daha sonra Baş Katibliyin hesabatı təqdim edilib, 2023-2028-ci illər üzrə Strateji Plan barədə məlumat verilib, INTOSAI auditorlarının hesabatları dinlənilib. Həmin gün INTOSAI-ın regional təşkilatları – AFROSAI, ARABOSAI, ASOSAI, CAROSAI, EUROSAI, OLACEFS və PASAI-ın hesabatları təqdim edilib.

Toplantı zamanı “Fövqəladə hallarda Ali Audit Qurumlarının rolu” və “Qlobal səs, qlobal nəticə, geniş əhatəli təsir” mövzuları ətrafında müzakirələr keçirilib.

Qeyd etmək lazımdır ki, konqres çərçivəsində konkret mövzular ətrafında geniş müzakirələrin keçirilməsi üçün əlavə tədbirlər, həmçinin AAQ-ların qarşılıqlı əməkdaşlıq münasibətlərini müzakirə etmələri üçün ikitərəfli görüşlərin təşkili üçün imkanlar yaradılıb.

Sonra Hesablama Palatasının nümayəndə heyəti İsrail, Küveyt və Koreya AAQ-larının nümayəndə heyətləri ilə ikitərəfli görüşlərdə iştirak edib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilə biləcək mümkün tədbirləri müzakirə ediblər. Bundan əlavə, Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov və Braziliya Hesablama Məhkəməsinin Prezidenti, eyni zamanda növbəti üç il ərzində INTOSAI-a sədrlik edəcək cənab Bruno Dantas arasında görüş təşkil edilib, tərəflər arasında mümkün əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələr keçirilib.

Qeyd edək ki, konqresin bütün üzvləri INTOSAI təşkilatının ali orqanı olmaqla üç ildə bir dəfə toplanaraq təşkilat üçün mühüm qərarlar qəbul edir və təşkilatın gələcək fəaliyyətinin strateji istiqamətini müəyyən edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər