“Azərbaycanın ucqar kəndlərində aqrar yönümlü müəssisələr yaradan sahibkarlara vergi güzəştlərinin olunmasını təklif edirəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
“Regionlarda ən böyük problem işsizlikdir. Bu problemdən yeganə çıxış yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Ucqar kəndlərdə, ümumilikdə regionlarda fəaliyyətə yeni başlayan, istehsal və təkrar istehsalla məşğul olan sahibkarlara vergi güzəşti olmalı, infrastruktur xərcləri ilə bağlı vergi tətillərinin müddəti 3 ilə qədər uzadılmalıdır”, – deyə o, qeyd edib.
Komitənin digər üzvü Məşhur Məmmədov isə deyib ki, sərhədyanı rayonlarda bu il də olmasa, gələn il paket şəklində müəyyən güzəştlər tətbiq olunsun: “Xüsusilə Ermənistan və İranla sərhəddə yerləşən rayonlarımıza güzəştlərin tətbiq edilməsini təklif edirəm. İqtisadiyyatda Sumqayıt və Gəncəni çıxmaqla regionların payı elə də çox deyil. Bu gün regionlara dövlət büdcəsindən pul ayrılsa da, bir çox problemlər var”.