Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Prezident seçkilərində səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Bəzi hallarda yerli seçki komissiyaları məntəqələrin iş vaxtını uzada bilər.
Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərin ilk beş saatı ərzində ən çox seçici fəallığı Türkistan vilayətində qeydə alınıb – 64,21 faiz. Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.