®Ölkənin aparıcı korporativ bankı və bizneslərin etibarlı maliyyə tərəfdaşı olan “PAŞA Bank” növbəti dəfə sənaye nümayəndələrini dəyirmi masa ətrafında toplayıb. 21 noyabr tarixində baş tutan budəfəki tədbir “Qarabağ iqtisadi zonası: dayanıqlı gələcək üçün perspektivlər və imkanlar” mövzusuna həsr olunub.
Tədbir iştirakçılarını salamlayan “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev işğaldan azad edilmiş torpaqların iqtisadi perspektivindən və Bankın maliyyə əlçatanlığını təmin etmək istiqamətindəki fəaliyyətindən bəhs edərkən bildirib: “Biz, sosial məsuliyyətli korporativ vətəndaş olaraq azad edilmiş torpaqların bərpasına öz töhfəmizi vermək üçün investorlar və bizneslər, dövlət və özəl sektor arasında əlaqələndirici olmağa və mümkün dəstəyi göstərməyə hazırıq”.
”PAŞA Holdinq”in baş iqtisadçısı Elman Eminov, İqtisadi zonaların inkişafı agentliyinin idarə heyəti sədrinin müavini Elxan Şiriyev, “AGA Şirkətlər Qrupu”nun rəhbəri Aydın Dəmirçi, “Almet Holding” şirkətinin təsisçisi Şirin Camallı və “PAŞA Bank”ın korporativ və institusional bankçılıq departamentinin nümayəndləri tədbirdə çıxış edib. Tədbirin sonunda baş tutan sual-cavab sessiyası zamanı sahibkarları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən bu növ tədbirlərin keçirilməsində əsas məqsəd sektorlararası dialoqun yaradılmasına kömək etmək, sahələrarası əməkdaşlıqların qurulmasına zəmin yaratmaq, eləcə də sənayedə mövcud olan çağırışları, imkanları müzakirə edərək ən yaxşı təcrübələri nəzərdən keçirməkdir.