İraq 2025-ci ilə qədər neft ixracını gündə 1 milyon barel artıraraq 1.5 milyon barelə çatdırmağı planlaşdırır. Bu barədə “Bloomberg” İraqın OPEC-dəki nümayəndəsinin sözlərinə istinadən yazıb.
İxracı artırmaq üçün Bağdad cənubdakı Xor-əl-Əməyya limanını və dəniz boru kəmərlərini yenidən işə salmağı planlaşdırır. Bunu SOMO dövlət neft şirkətinin baş direktoru Məhəmməd Saadun deyib. Onun sözlərinə görə, 2023-cü ildən başlayaraq cənub limanlarında ixrac gücünü 150-200 min barel artırılması nəzərdə tutulur.
Cənab Saadun bildirib ki, OPEC+ alyansına üzv ölkələrin neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarı İraqdan yanacaq ixracına təsir etməyib. Daha əvvəl qeyd olunduğu kimi, İraq neftinin orta qiyməti 97 dollardır. 2028-ci ilə qədər ölkə neft hasilatını gündə 5-5.5 milyon barel artırmaq istəyir.
Xatırladaq ki, oktyabrın 5-də OPEC+ alyansı neft hasilatının azaldılması barədə qərar qəbul edib. Nəticədə, Səudiyyə Ərəbistanı və Rusiyanın kvotası gündə 500 min barel azaldılıb.