Məişət texnikası istehsalçısı “Dyson” şirkəti səs-küyü aradan qaldıran funksiyaya malik olan, həmçinin hava təmizləyən maskalı “Dyson Zone” qulaqlıqlarını təqdim edib. Məlumata görə, aksesuar 2022-ci ilin sonunda Çində satışa çıxarılacaq və 2023-cü ilin yazında ABŞ, Böyük Britaniya, Honkonq və Sinqapur bazarlarında da əlçatan olacaq. Qeyd edək ki, ABŞ-da bu qeyri-adı qulaqlıqların qiyməti 949 dollar təşkil edəcək.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
“Dyson Zone” qulaqlıqları 2600 mAh tutumlu liti-ion akkumulyator, Bluetooth 5.0, 11 daxili mikrofon və xaricdəki havanı təmizləyən filtrli maska ilə təchiz olunub. Bildirilir ki, filtrli hissə qulaqlıqlara maqnit vasitəsilə birləşir.
Filtrsiz qulaqlıqların çəkisi 595 qram, filtrli isə 670 qram təşkil edir. Bu, digər analoji cihazlarla müqayisədə nəzərəçarpacaq qədər çoxdur.
“The Verge” yazır ki, “Dyson Zone” şirkətin ən populyar məhsulları sayılan fen (500 dollar) və hava təmizləyicisindən (569 dollar) bahadır.
Cihazın prototipi 2022-ci ilin martında təqdim olunub. Onda satışların payızda başlayacağı bildirilib.