Azərbaycan-Gürcüstan sərhədində “İpək Yolu – Abreşumis Qza” birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupların ilk görüşü keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində gerçəkləşib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gürcüstandan Gəlirlər Xidməti rəhbərinin müavini Vladimer Xundadze başçılıq ediblər.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, iclasda 29 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”ə əsasən yaradılacaq “İpək Yolu – Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hüquqi, maliyyə və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Asiya İnkişaf Bankının eksperti Radomir Djurik Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı təkliflərini səsləndirib və təqdimatla çıxış edib.
Görüşdə “İpək Yolu – Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin gələcək fəaliyyətinin “Trans-Xəzər” nəqliyyat dəhlizində ticarətin artırılmasına töhfə verəcəyi vurğulanıb.