Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevə hərbi yardımın auditinin keçirilməsi barədə göstəriş verib.
Bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.
Audit, Böyük Britaniyanın töhfəsini qiymətləndirmək üçün nəzərdə tutulub. Mənbələrdən biri qarşıdan gələn auditi “Goldman Sachs xülasə hesabatı” (Sunak 2000-ci illərin əvvəllərində bu bankda işləyib) ilə müqayisə edib.
Britaniya hökuməti hesab edir ki, Baş nazirin Ukraynanı dəstəkləmək üçün belə ehtiyatlı yanaşması Kiyevə hərbi yardımın artırılmasının qarşısını ala bilər.
Qeyd olunur ki, Sunak münaqişənin böyüməsinin qarşısını almaq üçün silah göndərməkdən yayınan ABŞ Prezidenti Co Baydenin yanaşmasını mənimsəyir.
Nəşrin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Sunakın planlarından xəbərdardır və onu Kiyevə dəstəyi azaltmamağa çağırır.
Qeyd edək ki, Rişi Sunak Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başladıqdan sonra Kiyevə səfər edib, orada Ukraynaya yardımı davam etdirəcəyini vəd edib: Ukraynaya hava hücumundan müdafiə vasitələri, o cümlədən 125 zenit silahı təhvil verəcəyini, məhv edilmiş infrastrukturun bərpasında iştirak edəcəyini deyib. 2022-ci ildə Britaniyanın yardımı 3 milyard funt-sterlinqi keçib.