Finlandiya Hökumət Şurasının təklifi ilə Ukraynaya 28.8 milyon avro məbləğində yeni hərbi yardım paketi ayrılıb.
Bu barədə “RBC-Ukraina” Finlandiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu, Finlandiyadan Ukraynaya on birinci hərbi yardımdır. Finlandiyanın Ukraynaya çatdırdığı bütün hərbi yardım paketlərinin ümumi dəyəri 189.2 milyon avro təşkil edir.
“Ukraynanın müdafiəsi uğrunda döyüş davam edir. Müdafiə vasitələrinə ehtiyac böyükdür. Biz dəstəyimizi davam etdirəcəyik”, – Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.
Müdafiə nazirinin sözlərinə görə, yeni hərbi yardım paketində Ukrayna Silahlı Qüvvələrinin müraciətləri nəzərə alınıb. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya hökumətinə yeni hərbi yardım paketi tələbi ilə müraciət edib.
Finlandiya Ukrayna hərbçilərinin 2023-cü ilin sonuna qədər Britaniyada təlim proqramında iştirakını davam etdirməyə qərar verib. Avqust ayında Finlandiya bu məqsədlə Londona 20-yə yaxın təlimatçı göndərib.