Kanada on dörd ildən sonra daxili yanma mühərrikli yeni avtomobillərin satışından tamamilə imtina edəcək.
Bu barədə Kanadanın Ətraf Mühit Nazirliyindən bildirilib. Məlumata görə, nazirlik yeni minik avtomobillərinin satışına ciddi kvotaların müəyyən edilməsini nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Yeni qanunverici çərçivələrə əsasən, 2026-cı ilə qədər Kanadada satılan yeni avtomobillərin az 20 faizi havaya zərərli tullantılar atmayan modellər olmalıdır. 2030-cu ilədək belə avtomobillərin payı 60 faizə, 2035-ci ilə qədər isə 100 faizə çatmalıdır.
Bundan başqa, Kanada hökuməti elektrik avtomobilləri üçün subsidiyaların müddətini uzadıb və enerji doldurma stansiyalarının sayını artırıb.
Benzin və dizellə işləyən avtomobillərin satışına məhdudiyyət qoyulması Baş nazir Castin Trüdonun seçkiqabağı vədlərindən biri olub. Kanadada atmosferə atılan bütün zərərli qazların dörddə biri nəqliyyat sektorunun payına düşür.