Ukrayna Prezidenti Volodimir Zelenski hazırdakı qızğın döyüşlərin getdiyi Soledar şəhərindəki son durumu açıqlayıb.
Bu barədə ölkə lideri ənənəvi axşam videomüraciətində danışıb.
“Soledar, Baxmut uğrunda döyüşlər aramsız, fasiləsiz davam edir”, – o bildirib.
Prezidentin sözlərinə görə, bu döyüşlər Rusiya ordusuna itkilərin verilməsi baxımdan vacibdir.
Qeyd edək ki, bu gün bənzər açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da verib.
Xatırladaq ki, daha öncə ölkənin qeyri-rəsmi mənbələri hərbçilərin Soledar şəhərindən geri çəkildiyini bildirmişdilər.
Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.