2022-ci ilin yanvar-noyabr aylarında hüquqi şəxslərin mənfəət (gəlir) vergisi dövlət büdcəsinin gəlirlərində 28,75% paya sahib olub. Belə ki, bu məbləğ 8362,64 milyon manat təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hüquqi şəxslərin mənfəət (gəlir) vergisi ÜDM-də 6,89% yer tutub.
2021-ci ilin yanvar-noyabr aylarında isə hüquqi şəxslər dövlət büdcəsinə 2846,6 milyon manat mənfəət (gəlir) vergisi ödəmişdilər. Müqayisə aparsaq, deyə bilərik ki, 2022-ci ilin ilk 11 ayında bu göstərici illik müqayisədə 2.9 dəfə artıb.
Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.
AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.