Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan “Didqori” seriyalı zirehli texnikaları ona verməyi xahiş edir.
Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın “Palitranews” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, “Didqori”lər humanitar məqsədlər üçün istifadə edilərsə, Ukrayna üçün faydalı olacaq.
Diplomat deyib ki, Gürcüstan hakimiyyətinin niyə hərbçilər üçün fərdi qoruyucu vasitələri, həmçinin ilk tibbi yardım çantalarını Ukraynaya göndərməməsi hələ də aydın deyil.
Qeyd edək ki, “Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. “Delta” Gürcüstan Müdafiə Nazirliyinin mülkiyyətidir. Zavodun istehsal etməyə başladığı ilk məhsullar “Didqori” ailəsinin zirehli maşınları, eləcə də “Lazika” piyada döyüş maşınları oldu.
Xatırladaq ki, Gürcüstan hakimiyyəti daha əvvəl bildirib ki, Ukraynaya hərbi yardım göstərməyəcək, çünki bu, münaqişədə iştiraka bərabərdir. Buna baxmayaraq, Tbilisi Kiyevə humanitar yardım edir.
Ukrayna daha əvvəl də Gürcüstandan “Buk” zenit-raket komplekslərini istəyib, ancaq qarşı tərəf verməkdən imtina edib