Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Banker.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğunun yaydığı məlumatda deyilir.
Bildirilir ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.