10 C
Baku
Thursday, December 12, 2024

“Masdar”ın inşa etdiyi Qaradağ Günəş Elektrik Stansiyası bu il istifadəyə veriləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası bu il istifadəyə veriləcək.

Bunu “Masdar” şirkətinin Azərbaycanda investisiyalar departamentinin direktoru Məryəm Al Mazrui “Emirates News Agency” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, BƏƏ və “Masdar” birbaşa xarici investisiyaları təşviq etmək və Azərbaycanın təmiz enerji, davamlı inkişaf və karbon qazının azaldılması sahəsində səylərini dəstəkləmək öhdəliyinə sadiqdir.

Əl Mazrui bildirib ki, “Masdar” hazırda Azərbaycanda xarici investisiyalar hesabına maliyyələşdirilən ilk müstəqil günəş enerjisi layihəsi olan 230 MVt gücündə Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyasını inkişaf etdirir və bu layihə 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq.

O, əlavə edib ki, stansiya ildə 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etməyə kömək edəcək: “Bu da 110 000-dən çox evin ehtiyaclarını ödəməyə və karbon emissiyalarını ildə 200 000 tondan çox azaltmağa, həmçinin yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Layihəni maliyyələşdirən təşkilatlar arasında Əbu-Dabi İnkişaf Fondu da var”.

Şirkət rəsmisi deyib ki, “Masdar” BƏƏ-nin qlobal enerji sektorunda qabaqcıl rolunu təşviq edir, iqtisadiyyat və enerji sektorunun şaxələndirilməsi prosesini dəstəkləyir: “Şirkət ən son dayanıqlı texnologiyaları nümayiş etdirir və davamlılıq məsələləri ilə bağlı məlumatlılığı artırır”.

Qeyd edək ki, bu il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər