11 C
Baku
Monday, November 25, 2024

İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edib.

Qbula görə minnətdarlığını bildirən Məhəmməd Süleyman Əl-Casir paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bunu yüksək qiymətləndirib. Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Qonaq qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirir və ölkəmiz həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir. Əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu deyən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Məhəmməd Süleyman Əl-Casir eyni zamanda bankın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində perspektiv layihələrə də maraq göstərdiklərini vurğulayıb, gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib. O, Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübənin bank tərəfindən digər ölkələrdə də tətbiq oluna biləcəyini bildirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev dünyada yeni çağırışların mövcud olduğu bir dövrdə bundan sonra da əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə bir daha toxunan dövlətimizin başçısı bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin bizim üçün ən prioritet sahələrdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək. Dövlətimizin başçısı deyib ki, ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Son xəbərlər
Digər xəbərlər