İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” xərclərin azaldılması proqramı çərçivəsində 8500 işçisini ixtisar edir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Ericsson”un baş direktoru Berye Ekholmun qeyd etdiyi kimi, şirkətin fəaliyyət göstərdiyi hər bir konkret regionda ixtisarlar fərqli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, bəzi ölkələrdə dəqiq neçə işçinin ixtisar ediləcəyi məsələsi ötən həftə müzakirə olunub. “Reuters”in sorğuladığı analitiklərin fikrincə, ixtisarlar ən çox Şimali Amerikada, ən az isə Hindistanda olacaq.
Cənab Ekholm xatırladıb ki, 2023-cü ilin əvvəlində şirkət ilin sonuna qədər xərcləri 880 milyon dollar azaltmağı qarşısına məqsəd qoyub. “Bizim vəzifəmiz rəqabətli qalmaq üçün xərcləri azaltmaqdır”, – şirkət bildirib. Hazırda “Ericsson”da dünya üzrə 105 mindən çox insan çalışır. Şirkətin səhmləri bu xəbərin fonunda təxminən 1% ucuzlaşıb. Son altı ayda “Ericsson” səhmləri dəyərinin 24.4%-ni itirib.
Son həftələrdə bir çox böyük texnoloji şirkət kütləvi ixtisarlar elan edib. Onlar sırasında “Alphabet”, “Microsoft”, “Amazon”, “Dell”, “IBM”, “SAP”, “Spotify” və digərləri yer alır.