Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.
*10:44
Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.
“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, – deyə şikayətçi bildirib.
Saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir melumat verilmir. Bununla yanaşı, təyyarə reyslərində də gecikmələr baş verir.