Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi icraata verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.
Cinayət işi məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.