Azərbaycanda pul bazası son bir ayda 440 milyon manat və ya 2.55% yüksəlib.
Banker.az xəbər verir ki, 31 mart 2023-cü il tarixinə 17 milyard 689 milyon manat təşkil edib.
Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.
Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, və ya dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər.
Ötən ildəki kimi, bu ilin ilk üç ayında iki rəqəmli inflyasiya şəraiti davam edir və AMB bunu “boğmaq” üçün əlindəki bütün maliyyə alətlərindən istifadə etməyə çalışır. Sterlizasiya, uçot faiz dərəcəsi və məcburi ehtiyat normalarını artırır ki, inflyasiya azalsın.
AMB uçot faiz dəcərəsinə dair son iclasda bildirib ki, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı “qeyri-müəyyənliklər” qalmaqdadır.
Requlyator bildirir ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır.
Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir.
Qeyd edək ki, AMB fevral ayından not hərraclarını dayandırıb, əvəzində, mart ayından başlayaraq repo əməliyyatları həyata keçirir.
AMB bildirib ki, baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.
Əslində, əgər iqtisadiyyat böyüyürsə və hesablaşmaların aparılması üçün tələbi qarşılamaq üçün ehtiyac yaranırsa pul bazasın mərhələli olaraq artması müşahidə olunması normaldır.