Ermənistandan Rusiyaya süd məhsullarının ixracına qadağa bu gündən qüvvəyə minib.
Bunu “news.am”ın müxbirinə müsahibəsində Qida Təhlükəsizliyi Müfəttişliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutunyan bildirib.
Arutunyanın sözlərinə görə, bu istiqamətdə Ermənistan və Rusiya tərəfləri arasında danışıqlar davam edir.
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Ermənistanın baytarlıq xidmətinə 5 apreldən etibarən Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması ilə bağlı müraciət edib.
Buna səbəb kimi o göstərilib ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İran xammalından istifadə edirlər.
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan isə öz növbəsində bu məsələyə münasibət bildirərək Ermənistanda istehsal olunan süd məhsullarında İran xammalından istifadə olunduğunu təsdiqləyib.
Həmçinin o da əlavə olunub ki, Rusiyaya süd məhsullarının ixracına qoyulan qadağaya görə Ermənistan milyonlarla dollar zərər çəkə bilər.