Azərbaycan təhsildə rus dilini saxlayacaq.
Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
İ.İsayev bildirib ki, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.
“Bu məktəblərdə şagirdlərin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir”, – nazir müavini qeyd edib.
İ.İsayev vurğulayıb ki, Azərbaycan Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır.
O, söyləyib ki, Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.
“Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər”, – nazir müavini əlavə edib.