09:42
Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.
Konsulluqda bu gün səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.
Qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün Gəncədə 3 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.
Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
***
09:23
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb.
Qardaş ölkənin muxtar respublikada yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları artıq səs verməyə başlayıb.
İlk olaraq, Türkiyənin Naxçıvanda olan Baş konsulu Asip Kaya səs verib. Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək.
Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, səsvermə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək.