Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”nun hesabatlarının açıqlanmasından sonra dünyada neft qiymətləri 1 %-dən çox ucuzlaşıb.
Bunu hərracın məlumatları göstərir.
“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,35 % azalaraq 75,98 ABŞ dolları/barelə, “WTI” markalı neftin iyun fyuçersləri isə 1,37 % azalaraq bir barel üçün 72,14 ABŞ dollarına düşüb.
İnvestorlar neft şirkətinin məlumatlarından başqa, Çindən gələn makro statistikaya da diqqət yetirə bilərdilər. Çərşənbə axşamı Çinin Gömrük İdarəsi yanvar-aprel ayları üzrə ticarət balansına dair məlumatları açıqlayıb. Çinin hesabat dövründəki ixracı 2,5 % artsa da, idxalı 7,3 % azalıb. Çin dünyanın ən böyük neft idxalçılarından biri olduğu üçün neft bazarı bu ölkənin iqtisadi göstəricilərini diqqətlə izləyir. Çoxları “sıfır COVID” siyasətindən sonra Çin iqtisadiyyatının bərpasının neftə tələbatı artıracağını gözləyir.