ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb, 2023-cü il üçün isə cüzi artırıb.
EIA-nın aylıq hesabatının məlumatına əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28.99 mln. barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0.2 mln. barel azdır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.34 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0.08 mln. barel çoxdur.
Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28.67 mln. olub.
Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26.28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25.6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29.27 mln. barelə bərabər idi.
Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də çata bilməyəcək.