Ticarət fəaliyyəti ilə məşğul olan şirkət təşkilat və müəssisələrə satışı nağdsız qaydada elektron vergi-qaimə əsasında həyata keçirir. Bununla yanaşı, şirkət malları onlayn qaydada da satır və vətəndaşlar aldıqları malın dəyərini müəssisənin korporativ kart hesabına ödəyirlər. Müəssisənin korporativ kart hesabına onlayn qaydada ödənilən vəsait aid olduğu dövr üçün qaiməsiz, hesab-fakturasız satış məbləği kimi hesabat və bəyannamələrdə əks etdirilə bilərmi və ya ilkin satış sənədi (qaimə, kassa çeki və s.) olmadan korporativ kart hesabından çıxarış əsasında satış məbləği hesab etmək olarmı?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada – bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.
Bunlardan əlavə, dəyəri birbaşa bank hesabına ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.