30 aprel 2023-cü il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 45 mlrd. 582.7 mln. manat, cəmi öhdəlikləri 39 mlrd. 771.3 mln. manat, balans kapitalı 5 mlrd. 811.4 mln. manat olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların aktivləri son ayda 1.7%-ə yaxın artsa da, ilin əvvəlindən 3.12% azdır.
Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 mln. manat artaraq 20 mlrd. 379.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (11 mlrd. 108 mln. manat), ıı) istehlak kreditləri – 29.8% (6 mlrd. 072.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.7% (3 mlrd. 199.3 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.8% təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.4%-i və ya 32 mlrd. 366.9 mln. manat). Bankların depozit portfeli cari ilin aprel ayında 1.4% və ya 433.7 mln. manat artmışdır.
Depozit portfelinin 63.1%-i (20 mlrd. 411.5 mln. manat) hüquqi şəxslərin, 36.9%-i (11 mlrd. 955.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2% və ya 236 mln. manat artmışdır. Əmanət portfelinin 53.3%-i (6 mlrd. 376.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 mlrd. 445.6 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2% təşkil etmişdir.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 mln. manat xalis mənfəət, 512.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39% və 32% artmışdır.