Banklarda 5 milyard manata yaxın sərbəst vəsaitlər var. Yalnız kredit faizlərin azaldılması ilə məsələ həll olunmayacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, maliyyə sektoru olaraq amnistiyaya müsbət baxırlar: “Bu gün ölkədə nağd olaraq 14 milyard manat var. Bu, kifayət qədər böyük vəsaitdir, tərəfdaş, qonşu ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Hazırda hökumət tərəfindən maliyyə amnistiyası üçün kifayət qədər geniş araşdırmalar aparılır və buna uyğun olaraq hökumət maliyyə amnistiyası ilə bağlı addımlar atacaq. Sözsüz ki, maliyyə sektoru və Mərkəzi Bank olaraq amnistiyaya müsbət baxırıq”.