Ordubad konserv zavodu yenidən işə salınır.
Bu barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib.
Onun sözlərinə görə, Ordubadın bağçılıq potensialı ənənəvi konservləşdirməni bərpa etməyə imkan verir.
Nazir deyib ki, yaxın gələcəkdə dəmiryolunun açılması ilə Naxçıvanda ən böyük ixrac məhsullarından biri də konservləşdirilmiş məhsullar olacaq: “Buna görə də Ordubad rayonunda ənənəvi konservləşdirmənin bərpasına sahibkarlar xüsusi maraq göstərirlər. Artıq müraciətlər var. İlkin yer seçimi həyata keçiriləndən sonra layihələndirmə işləri aparılacaq. Bu ilin sonlarına müəyyən addımlar atılacaq”.
Qeyd olunub ki, bu layihələr Prezident İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Ordubad konserv zavodunun məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapıb.