Qazaxıstanın ümumi daxili məhsul (ÜDM) istehsalı bu il 4,6 % artacağı, 2024-cü ildə isə 4 % səviyyəsində normallaşdığı gözlənilir.
Bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
Son 2 ildə (2021-2022-ci illərdə) isə ÜDM artımı müvafiq olaraq 4,1 % və 3,3 % olub.
“Ölkənin builki iqtisadi artımı ilə bağlı gözlənti, Qazaxıstan Milli Bankının yenilənmiş proqnozunun (4-4,5 %) yuxarı həddinə yaxındır. Qazaxıstan iqtisadi islahatlara və institusional sistemin transformasiyasına başlayıb. 2023–2024-cü illərdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi əmtəə sektoru qalacaq. Belə ki, Qazaxıstan artan əmtəə qiymətlərindən (neft, qaz, metallar və uran) ən çox yararlanan ölkədir. Bundan başqa, Qazaxıstanın Avrasiyanın logistika mərkəzi kimi artan rolu nəqliyyat və tikinti sektorunun inkişafını dəstəkləyəcək”, – G. Xaydarşina qeyd edib.
Qazaxıstan iqtisadiyyatının əsas komponentlərindən olan topdan və pərakəndə ticarət sektorunda 2023-2024-cü illərdə 16 %, nəqliyyat, informasiya və rabitə sektorunda 16 %, tikinti sektorunda 14 %, mədən sənayesində 9 %, emal sənayəsində 10 %, daşınmaz əmlak sektorunda 6 %, kənd təsərrüfatı və balıqçılıq sahəsində 4 %, maliyyə vasitəçiliyi sektorunda 3 %, təhsildə 3 %, digər sənaye sektorlarında 8 %, məhsuldan xalis vergi yığımında isə 5 % artım proqnozlaşdırılır.