Serbiyanın paytaxtı Belqrad ətrafında Azərbaycan və Çin şirkətlərinin inşa etdiyi Dairəvi Yolun açılışı olub.
Bu yol, böyüklüyünə və əhəmiyyətinə görə Serbiyada ən mühüm infrastruktur layihələrindən biridir.
Tikintini Azərbaycanın “Azvirt” və Çinin “Power China” şirkətləri, eləcə də Serbiyadan olan subpodratçılar birgə həyata keçiriblər.
Layihənin 15 %-i Serbiya büdcəsi, qalan 85 %-i isə Çin Eksim Bankının krediti hesabına maliyyələşdirilib. Dairəvi Yolun Strajevica tunelindən Bubanj Potok qovşağına qədər olan hissəsinin ümumi uzunluğu 20.4 kilometrdir. Burada 4 tunel, 22 körpü və 2 böyük yol qovşağı tikilib. Yol avtomobillərin saatda 120 kilometr sürətlə hərəkəti üçün nəzərdə tutulub.
Dairəvi Yolun açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç, dövlət rəsmiləri, Azərbaycanın və Çinin Serbiyadakı səfirləri və tikintini aparan şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Prezident A.Vuçiç avtomobil yolunun tikintisində iştirak edən Azərbaycan və Çin şirkətlərinə təşəkkürünü bildirib, bu yolun ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Görülən hər şeydən qürur duyduğunu deyərək, bir metr də olsa asfalt döşəyən hər kəsə təşəkkürünü çatdırıb. Serbiya Prezidenti çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Çinin Sədri Si Cinpinə dərin minnətdarlığını ifadə edərək Azərbaycan ilə Çindən olan dostlarına böyük ümid bəslədiklərini və güvəndiklərini qeyd edib.
Ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev çıxışında Prezident İlham Əliyevin Belqrada və Aleksandar Vuçiçin Bakıya etdiyi səfərlərin strateji tərəfdaşlığın dərinləşməsinə yeni təkan verdiyini diqqətə çatdırıb, Serbiyanın Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olduğunu deyib. Çıxışlarda həmçinin rəsmi Belqradın ölkənin yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində Azərbaycanla bundan sonra da əməkdaşlıq etməkdə maraqlı olduğu vurğulanıb.